TRACECA: “Çin limanlarında yaranan gecikmələr Azərbaycandan keçən dəhlizə marağı artıracaq”

İnfrastruktur
  • 17 dekabr, 2021
  • 11:51
TRACECA: “Çin limanlarında yaranan gecikmələr Azərbaycandan keçən dəhlizə marağı artıracaq”

“TRACECA dəhlizi vasitəsilə Çindən konteyner daşımalarında müəyyən problemlər yaşanır, bu isə dünya bazarına ciddi təsir edib”.

Bu barədə “Report”a Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov məlumat verib.

R.Bayramov bildirib ki, yaranan problemin səbəbi Çin limanlarında pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdir:

“İstehsal sistemi zəncirvari və bir-birindən asılı sistemdir. Çində pandemiya ilə bağlı çox sərt qanunlar tətbiq olunur. Hansısa müəssisədə virusa yoluxma aşkar olunursa, oranın fəaliyyəti dayandırılır. Ona görə də Çinin şərqində yerləşən limanların bir çoxunun işi məhdudlaşdırılıb. Bəzi limanlar ümumiyyətlə fəaliyyət göstərmir, bəzilərində hansısa tərminallar işləmir. Bu isə zəncirvari prosesi pozur. Nəticədə okean daşımalarının qiyməti 10 dəfədən çox qalxıb. Limanlar məhdud çalışdığına görə yükdaşımalar vaxtlı-vaxtında olmur. Konteynerlərin boşaldılması, yola salınması prosesi uzanır. Normal vaxtda Çindən Avropaya bir konteyner 40 günə çatırdısa, indiki vəziyyətə 2-3 aya qədər bu proses uzanır. Belə olduqda həm malın qiyməti qalxır, həm də daşıma şirkətləri konteyner məhdudiyyəti yarandığına görə qiymətləri qaldırır”.

Milli katib hesab edir ki, bu proses həm Avropa, həm də Çin istiqamətində daşımalarda Azərbaycan və Orta Asiya üzərindən keçən dəhlizin perpektivlərinə diqqət yetirilməsinə, bizim dəhlizə daha ciddi baxılmasına gətirib çıxaracaq: "Yerüstü dəhlizlərin və Azərbaycan üzərindən keçən dəhlizin perspektivləri daha da genişlənir və biz gözləyirik ki, bu hissədə yükdaşımalar da artacaq”.

Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.