Azərbaycanın regionlarında sürücülərə "Fərqlənmə Nişanı" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC vasitəsilə veriləcək.
Bu barədə “Report”a nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
O vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına uyğun olaraq şəhərlərarası sərnişin daşınmasında məhdudiyyət tətbiq edilir: "Həmçinin, DANX-ın ölkə üzrə 11 regional şöbəsinin mövcud olduğuna görə, sürücülərin "Fərqlənmə Nişanı" əldə etmək üçün həmin regional şöbələrə getməməsi üçün biz prosesi asanlaşdırırıq. “Sürücülər yaşadıqları, qeydiyyatda olduqları ərazi üzrə ən yaxın “Azərpoçt”un mərkəzi filialına yaxınlaşa bilərlər. Orada "Fərqlənmə Nişanı"nın əldə edilməsi region üzrə 9 AZN, böyük şəhərlər üzrə isə 13,5 AZN məbləğində vergini ödədikdən sonra sürücülər barədə məlumat “icaze.e-gov.az” portalına DANX tərəfindən yerləşdiriləcək.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək.