Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işlərinin 47 %-i tamamlanıb

Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işlərinin 47 %-i tamamlanıb "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işlərinin 46,84 %-i artıq tamamlanıb
İnfrastruktur
24 Noyabr , 2022 16:44
Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işlərinin 47 %-i tamamlanıb

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işlərinin 46,84 %-i artıq tamamlanıb

Bunu “Report”un Şimal bürosuna, iş prosesi ilə yerindəcə tanış olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Layihə koordinatoru Gəncəli İsgəndərzadə bildirib.

"Belə ki, yolun 180,2 km-lik hissəsində mövcud relslərin söküntüsü, 171,6 km-lik hissəsində mövcud torpaq yatağının, alt-ballast və ballast materialının qazıntısı işləri həyata keçirilib. Həmçinin tikinti dövründə 82 körpü, 172 dairəvi suötürücü boru, 12 ədəd heyvan keçidi və 4 ədəd yerüstü piyada keçidi inşa edilib.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq", - G.İsgəndərzadə qeyd edib.

Onun sözlərinə görə, ikixətli Sumqayıt-Yalama dəmir yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir: "Bu günədək yolun 154,8 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Görülən işlər çərçivəsində dəmir yolun 142,9 km-i ilkin hərəkətə açılıb".

G. İsgəndərzadənin fikrincə, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinə qənaət, ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək: "Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq".

O, hesab edir ki, Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsi önəmli rol daşıyır.

Qeyd edək ki, Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən Sumqayıt-Yalama dəmir yolunun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin isə uzunluğu 7,5 km təşkil edir.

Son xəbərlər

Orphus sistemi