Hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır.
"Report" xəbər verir ki, bunu "Azərtac" müsahibəsində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) birinci vitse-prezidenti Samir Rzayev qeyd edib.
Onun sözlərinə görə, təkcə xarici aviaşirkətlər hesabına deyil, "Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib.
2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulur. “Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir”.
S. Rzayev bildirib ki, artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb.
AZAL-ın birinci vitse-prezidenti bildirib ki, AZAL tərəfindən bu il bir çox istiqamət üzrə uçuşlara başlanması nəzərdə tutulur. “Bu ilin mart ayından etibarən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından isə milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək”.