Məskunlaşma konsepsiyası gündəlik həyatımızı özündə ehtiva edir.
"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
Onun sözlərinə görə, dayanıqlı məskunlaşma planet üçün əhəmiyyət kəsb edir: "Hər bir xırda element həyatımıza təsir edir. Məskunlaşmanın əhəmiyyəti demoqrafik sərhədləri, hüdudları keçir. Bu gün Azərbaycan üçün də bu məsələ çox önəmlidir. Şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır. Əminəm ki, bu tədbir gələcəkdəki davamlı əməkdaşlığımıza töhfə verəcək. Məskunlaşma günü gələcək çağırışlar üçün mayak rolunu oynayır".
Xatırladaq ki, tədbir "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunub. Forumda Ş.Mövsümovla yanaşı, DŞAK-ın sədri Anar Quliyev, digər dövlət rəsmiləri, xarici qonaqlar iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etməkdir. Tədbirdə "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi aparılır.