“Qırğızıstan öz ərazisindən və Çindən Avropa ölkələrinə, həmçinin Gürcüstana, Azərbaycana Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən yüklərin avtomobil və dəmir yolu vasitəsilə daşınmasından istifadə etmək niyyətindədir”.
"Report" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Sadır Japarov Bakıda SPECA-nın Zirvə görüşündə çıxışında deyib.
Onun sözlərinə görə, multimodal nəqliyyat daşımalarının həcminin artırılmasını təşviq etmək, bunun üçün əlverişli şərait yaratmaq, o cümlədən hüquqi rejimləri uyğunlaşdırmaq lazımdır.
S.Japarov həmçinin qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi bir və ya bir neçə tranzit marşrutundan asılılığı azaldacaq, iqtisadi sabitliyin, təhlükəsizliyin yaxşılaşdırılmasına şərait yaradacaq, yüklərin və sərnişinlərin daşınması zamanı riskləri azaldacaq.
Dövlət başçısı vurğulayıb ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi üzrə strateji layihə Mərkəzi Asiya regionu üçün xüsusi əhəmiyyət kəsb edir. Bu layihə regionun daşıma coğrafiyasını genişləndirməyə kömək edəcək.
O qeyd edib ki, hazırda Qırğızıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə marşrutu ilə və daha sonra Avropa ölkələrinə, eləcə də Qırğızıstan-Özbəkistan-Türkmənistan-İran marşrutu ilə və daha sonra Səudiyyə Ərəbistanına yükdaşımaların təşkili və həyata keçirilməsi istiqamətində işlər aparılır.