“Azərsu” ASC-nin icra etdiyi layihəyə uyğun olaraq, Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb.
Qurumdan “Report”a verilən məlumata görə, su mənbəyindən Qəbələ şəhərinə 10,5 km magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10 400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib.
Prezident
Şəhərdə 123 km kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 8,2 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4 400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də yekunlaşmaq üzrədir.
Ümumilikdə, Qəbələ şəhərində icra olunan içməli su və kanalizasiya layihəsindən 30 min nəfər faydalanacaq. Abonentlərə göstərilən müştəri xidmətlərinin yaxşılaşdırılması məqsədilə Qəbələ Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi də yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Qəbələ şəhərində 1950-60-ci illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.



