Qarabağın elektrik enerjisi resursu

Qarabağın elektrik enerjisi resursu Erməni işğalından azad edilmiş Qarabağın əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir.
İnfrastruktur
8 Dekabr , 2020 13:01
Qarabağın elektrik enerjisi resursu

Erməni işğalından azad edilmiş Qarabağın əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir. Söhbət təbii ki, Sərsəng və Xudafərin SES-lərindən gedir.

"Report" xəbər verir ki, Sərsəng SES və ya digər adı ilə Tərtər SES 1976-ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə (indiki Tərtər) rayonu ərazisində inşa edilmiş su elektrik stansiyasıdır. Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər.

Xudafərin SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Belə ki, 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Aydındır ki, Sərsəng və Xudafərin SES-ləri ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasında, azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadə ediləcək. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpa olunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.

Son xəbərlər

Orphus sistemi