İqlim fəaliyyəti çərçivəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi bir dövrdə Avropa İttifaqı (Aİ) Azərbaycanın təbii ehtiyatlarından, o cümlədən sudan davamlı və səmərəli istifadə etmək səylərini dəstəkləməyə davam edəcək.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" adlı hesabatının təqdimatında deyib.
O bildirib ki, qarşıdakı problemlər mürəkkəbdir, lakin davamlı əməkdaşlıq sayəsində uğurları artırmaq və müsbət dəyişiklik yaratmaq olar: "Biz buna inanırıq. Görülən işlər Azərbaycanda bir çox insanların həyatında nəzərəçarpacaq dəyişikliklər yaradır. Ümid edirəm ki, dəyişməyən əməkdaşlıq ruhu ilə işləməyə davam edəcəyik".