Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla görüşüb.
“Report” Qırğızıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər nazir Ruslan Kazakbayevin bu ilin 1-3 iyul tarixlərində Azərbaycana rəsmi səfərinin nəticələrini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri qurmaq və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın yaradılması ilə bağlı Qırğızıstan tərəfinin təşəbbüslərini müzakirə ediblər.
Həmçinin, tərəflər yaxın gələcəkdə "Orta Asiya - Cənubi Qafqaz" bölgələrarası platformanın yaradılması (5+3 formatında) və Qırğızıstan -Azərbaycan İnvestisiya Fondu haqqında müqavilələrin yenilənməsi ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Səfir bildirib ki, Azərbaycan tərəfi Qırğızıstanın bütün təşəbbüslərini tam dəstəkləyir.
Bundan əlavə, tərəflər bu ilin payızında ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasını keçirməyə hazır olduqlarını bildiriblər.
Nazir Ruslan Kazakbayev “AstraZeneca” peyvəndinin 40 min dozası şəklində göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.