Bu il Azərbaycanda işğaldan azad edilmiş ərazilər də daxil olmaqla 3 milyon ağacın əkilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir:
"Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı sahəsində infrastruktur layihələri icra olunur. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Buna baxmayaraq su ehtiyatlarına tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadənin daha geniş tətbiqi, suya tələbatın tullantı sularının təmizlənərək təkrar istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir".
M. Babayevin sözlərinə görə, həyata keçirilən yaşıllaşdırma layihələrində əsas su mənbəyi kimi təkrar emal edilən sulardan geniş istifadə edilir: "Bu, həm içməli su ehtiyatlarının qorunması, həm də suların təkrar dövriyyəsini təmin etməklə onlardan səmərəli istifadəyə gətirib çıxarır. Bu layihələr təkcə yaşıllıqların suvarılmasında deyil, suyun texniki məqsədlər üçün istifadə edilə biləcəyi bütün sahələrdə - sənayedə, məişətdə, yaşayış komplekslərində və digər istiqamətlərdə tətbiq edilməlidir. Bu sahədə özəl bizneslər tərəfindən əlverişli əməkdaşlıq modelləri işlənib hazırlanmalı, suların təkrar emal edilərək yenidən istifadəsi ilə bağlı layihə təklifləri təqdim edilməlidir. Bu təkliflər bütün su istifadəçiləri, eyni zamanda nazirlik üçün də maraq kəsb edəcək".