Mingəçevirdə yeni kanalizasiya xəttinin 84 %-i hazırdır

Mingəçevirdə yeni kanalizasiya xəttinin 84 %-i hazırdır Mingəçevirdə kanalizasiya şəbəkəsinin 84 %-i yenilənib
İnfrastruktur
18 aprel 2025 15:00
Mingəçevirdə yeni kanalizasiya xəttinin 84 %-i hazırdır

Mingəçevir şəhəri üçün nəzərdə tutulan 250 km-lik yeni kanalizasiya xəttinin 210 kilometri, yəni 84 %-i artıq çəkilib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyevin sözlərinə görə, hazırda kanalizasiya şəbəkəsi ilə bağlı işlər şəhərin Nərimanov prospektində davam edir. 250-yə yaxın çoxmərtəbəli və 7 minə yaxın fərdi yaşayış evi yeni şəbəkəyə qoşulub.

Kanalizasiya sistemi üzrə idarənin balansında 2 məhəllədaxili tullantı sutəmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası mövcuddur. Layihə çərçivəsində 3 yeni nasos stansiyası tikilərək istismara verilib, biri isə tamamlanmaq üzrədir. Eyni zamanda Xaldan şossesi yaxınlığında gücü sutkada 65 min kubmetr olan yeni tullantı sutəmizləyici qurğunun tikintisi də planlaşdırılır.

Bundan başqa, "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq 2011-ci ildən Mingəçevirdə su şəbəkəsinin yenidən qurulması həyata keçirilir. Bu çərçivədə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı inşa olunaraq istifadəyə verilib.

Sutəmizləyici qurğuda 28 qum süzgəcindən keçirilən su maye xlorla zərərsizləşdirilir və nasos stansiyası vasitəsilə 820 mm-lik borularla mərkəzi anbara ötürülür. Buradan isə 1000 mm-lik çıxış xətti ilə özüaxımlı rejimdə şəhər sakinlərinə çatdırılır. Hazırda şəhərin 97 %-i sayğacla təmin olunub və abonentlərin su ilə fasiləsiz təminatı 24 saat əsasda həyata keçirilir.

Şəhərin yüksəklikdə yerləşən ərazilərinə su çatdırmaq üçün mərkəzi anbarda 2 nasos aqreqatı istismar olunur, əlavə olaraq 3 məhəllədaxili nasos stansiyası da istifadə edilir. Hazırda idarənin abonent bazasında 33 500 nəfər qeydiyyatdadır, onların 96,7 %-i sayğacla təmin olunub.

Mingəçevir şəhər Sukanal İdarəsi yalnız şəhər ərazisinə deyil, həm də Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə xidmət göstərir.

Orphus sistemi