Lamiyə Əl Səud: UN-Habitat ilə layihə çərçivəsində Yəməndə 600 ev tikilib

İnfrastruktur
  • 19 may, 2026
  • 12:06
Lamiyə Əl Səud: UN-Habitat ilə layihə çərçivəsində Yəməndə 600 ev tikilib

SDRPY (Yəmənin İnkişafı və Bərpası üzrə Səudiyyə Proqramı) təşəbbüsü çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə Yəmən sakinlərinə 600 yaşayış evi təqdim edilib, eləcə də ailələr üçün irimiqyaslı peşə təlimi proqramları başlayıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı şahzadəsi Lamiyə bint Macid Əl Səud, UN-Habitat-ın ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) "Mənzilin sosial və iqtisadi gücü" adlı panel müzakirəsi zamanı bildirib.

O vurğulayıb ki, humanitar layihənin təşkilatçıları yalnız evlərin tikintisi ilə kifayətlənmədilər, onlar sonradan Yəmən ailələri üçün iş yerlərini təmin edən xüsusi təlim proqramları hazırlayaraq, bunu uzunmüddətli yardım üçün başlanğıc nöqtəsi etdilər, benefisiarların ümumi sayı isə təxminən 5 min nəfərə çatıb.

Lamiyə Əl Səudun sözlərinə görə, bu cür təşəbbüslər cəmiyyətə sadəcə evin açarlarının təhvil verilməsindən qat-qat daha dərin təsir göstərir.

Şahzadə həmçinin qeyd edib ki, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 %-i şəhərlərdə yaşayacaq, buna görə də insanların səmərəli şəkildə mənzillə təmin edilməsi hökumətlərin, beynəlxalq institutların və xeyriyyə qurumlarının birgə səylərini tələb edəcək.

"Amma mən hesab edirəm ki, siz bütün dünyada ailələrə və vətəndaşlara öz vəsaitlərini qazanmağı və iqtisadiyyatda iştirak etməyi – istər mənzil kirayəsi, istərsə də onun alınması olsun – öyrətdiyiniz zaman, məhz bu, ləyaqət və sabitlik deməkdir", - o bildirib.

Lamiyə Əl Səud əlavə edib ki, uğurlu mənzil layihələri üç tərəfin mütləq qarşılıqlı fəaliyyəti əsasında qurulmalıdır: siyasəti formalaşdıran və davamlılığa zəmanət verən hökumətlərin; texniki baza və ekspertiza təqdim edən beynəlxalq təşkilatların; innovasiyaları, baxışı və maliyyə dəstəyini təmin edən xeyriyyə fondlarının; hansı ki, bu da bütövlükdə bir neçə aylıq qısamüddətli yardım deyil, kamil bir uzunmüddətli inkişaf sistemi yaratmağa imkan verir.

44 - Tezliklə