Kərəm Həsənov Bərdədə vətəndaşları qəbul edib
- 21 fevral, 2015
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin Sədri Kərəm Həsənov bu gün Bərdə şəhərində vətəndaş qəbulu keçirib. Komitəsən "Report"a verilən məlumata görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu Bərdə şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində keçirilib.
Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların müraciətlərinə baxıb.
Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət ediblər. Onlar fərdi həyət evlərinə, mənzillərə, qeyri-yaşayış sahələrinə çıxarış və texniki pasport alınması, dövlət əmlakı olan obyektin, torpaq sahəsinin, binaların zirzəmilərinin özəlləşdirilməsi ilə bağlı müraciətlərini bildiriblər. Vətəndaşların bir qismi tərəfindən komitənin "kütləvi çıxarış" kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı müraciətlər də olub.
Səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitə sədri müvafiq tapşırıqlar verib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilən, lakin araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Həmin gün birbaşa müraciət edən vətəndaşları da komitə sədri qəbul edib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüb.