Bakıda ​Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

Bakıda ​Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib Şahin Mustafayev: "Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrin genişlənməsinə töhfə verəcək"
İnfrastruktur
769
6 Aprel , 2016 17:37
Bakıda ​Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalananan sənədlər iki ölkə arasında əlaqələrin inkişafına böyük stimul verib.

İqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Ş.Mustafayev Azərbaycan və İran arasında möhkəm hüquqi bazanın yaradıldığını, iqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb: “2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcmi 30% artıb. Hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək”.

İranın xarici işlər nazirinin müavini İ.Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi