Həbib Həsənov: "Milli daşıyıcıların dayanıqlılığı dövlət dəstəyi ilə birbaşa bağlıdır" - MÜSAHİBƏ
- 10 yanvar, 2026
- 14:15
Dünyada geosiyasi vəziyyətin dəyişməsi, bunun fonunda qlobal ticarətin yeni forma alması və alternativ beynəlxalq nəqliyyat dəhlizlərinin tələbatın artması avtomobil daşımalarını daha mürəkkəb və rəqabətli mərhələyə çıxarıb. Avropa və Asiyanın kəsişməsində yerləşən, strateji mövqeyə malik Azərbaycan üçün beynəlxalq avtomobil daşımaları təkcə logistika zəncirinin bir hissəsi deyil, həm də ölkənin tranzit potensialının reallaşdırılması üçün mühüm istiqamətlərdən biridir. Son illər bu sahədə yük dövriyyəsinin artması, kadr hazırlığının gücləndirilməsi və sənədləşmə proseslərinin təkmilləşdirilməsi müsbət tendensiyalardan biridir.
Bundan başqa, bəzi ölkələrdə tətbiq olunan əlavə tranzit rüsumları, sərt texniki tələblər, qeyri-paritet şərtlər, sərhəd-keçid məntəqələrində yaranan gecikmələr Azərbaycan daşıyıcılarının fəaliyyətinə birbaşa təsir göstərir. Digər tərəfdən, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizi ilə bağlı perspektivlər, "Şimal-Cənub" və "Şərq-Qərb" marşrutları üzrə daşımaların genişlənməsi yeni imkanlar yaradır.
"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov "Report"a müsahibəsində avtomobil daşımalarında mövcud vəziyyət, rəqabət mühiti, dövlət dəstəyi mexanizmləri, rəqəmsallaşmanın daşımaların operativliyinə təsiri və milli daşıyıcıların gələcək inkişaf perspektivləri barədə danışıb:
- Azərbaycanda beynəlxalq avtomobil daşımaları sektorunun ümumi vəziyyətini necə qiymətləndirirsiniz?
- Statistik məlumatlara əsasən, Azərbaycan daşıyıcıları 2024-cü ildə beynəlxalq nəqliyyat dəhlizləri üzrə 3 926,1 min ton, 2025-ci ildə isə 4 201,3 min ton yük daşıyıb ki, bu da 6,9 % artım deməkdir.
Son illər beynəlxalq avtomobil daşımaları prosesində iştirak edən sürücü və menecerlərin peşə bilikləri əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq daşıma sənədlərinin istifadəsi, sərhəd-keçid proseslərində təqdim olunan nəqliyyat və gömrük sənədlərinin tərtibat keyfiyyəti xeyli yaxşılaşıb. Bu sahədə hazırlıq və maarifləndirməni Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Akademiyası çərçivəsində Azərbaycan üzrə yeganə akkreditə olunmuş, milli lisenziya ilə fəaliyyət göstərən ABADA həyata keçirir. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə gördüyümüz tədbirlərə baxmayaraq, beynəlxalq avtomobil daşımalarının inkişafına mənfi təsir göstərən amillər hələ də qalır.
- Son illər regionda baş verən geosiyasi proseslər ABADA üzvlərinin fəaliyyətinə necə təsir göstərib?
- Regionda baş verən geosiyasi proseslər avtomobil daşıyıcılarının fəaliyyətinə müxtəlif formalarda təsir edib. Bəzi istiqamətlər üzrə daşımaların həcmi azalsa da, yeni marşrutlar, alternativ bazarlar formalaşıb. Azərbaycan avtomobil daşıyıcıları bu dəyişikliklərə çevik uyğunlaşaraq yeni istiqamətlər üzrə fəaliyyətlərini genişləndiriblər.
- Beynəlxalq avtomobil daşımalarında Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyəti hansı səviyyədədir?
- Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyəti bütün istiqamətlər üzrə eyni səviyyədə deyil. Bir sıra ölkələrdə öz iqtisadi maraqlarını, ərazilərində təhlükəsiz daşınma prinsiplərini və milli daşıyıcıların mənafelərini qorumaq məqsədilə xarici ölkə daşıyıcılarına əlavə rüsumlar və yüksək cərimələr tətbiq olunur. Həmin ölkələrdən tranzit daşınan yüklərin sənədlərinin tərtibatına, avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyətinə dair tələblər olduqca sərtdir. Texniki xətalara görə tətbiq olunan cərimələr bəzi hallarda 1 500–2 000 ABŞ dolları təşkil edir. Bu isə eyni marşrut üzrə fəaliyyət göstərən daşıyıcılarla müqayisədə Azərbaycan daşıyıcılarının xərclərini artırır və rəqabət qabiliyyətini zəiflədir. Buna baxmayaraq, milli daşıyıcılarımız beynəlxalq bazarda mövqelərini qorumağa və fəaliyyətlərini davam etdirməyə çalışırlar.
- Orta Dəhlizin inkişafı Azərbaycanın avtomobil daşıyıcıları üçün hansı imkanları yaradır?
- Orta Dəhlizin inkişafı logistika xərclərinin azalmasına, yeni marşrutların açılmasına, daşımaların həcminin və yük axınlarının artmasına şərait yaradır. Bu dəhliz Avropa ilə Orta Asiya arasında yüklərin daşınmasında Azərbaycan daşıyıcıları üçün əlavə imkanlar formalaşdırır.
- Zəngəzur dəhlizi perspektivdə avtomobil daşımalarına hansı təsirləri göstərə bilər?
- Zəngəzur dəhlizinin istifadəyə verilməsi beynəlxalq avtomobil daşımaları və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalmasına, daşımaların sürətlənməsinə və Azərbaycanın tranzit potensialından istifadə səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcək.
Bu dəhliz Avropa ilə Orta Asiya arasında yükdaşımalar üçün əlavə və alternativ marşrut kimi çıxış edərək mövcud nəqliyyat yollarının diversifikasiyasını təmin edəcək. Zəngəzur dəhlizinin "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə inteqrasiyası Avropa-Asiya ticarət əlaqələrində onun strateji əhəmiyyətini daha da artıracaq.
- Bəs "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində daşıyıcıların qarşılaşdığı əsas problemlər nələrdir?
- "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə fəaliyyət göstərən Azərbaycanın milli avtomobil daşıyıcıları bəzi istiqamətlərdə şərtlərin tam paritet əsasda tətbiq olunmaması ilə üzləşirlər. Bu isə eyni nəqliyyat dəhlizləri və marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılar arasında rəqabət mühitinə birbaşa təsir göstərir.
Belə ki, ayrı-ayrı ölkələrdə tranzit rüsumlarının, yol vergilərinin, texniki və inzibati tələblərin fərqli qaydada tətbiq olunması milli daşıyıcılarımızın daşımalar üzrə maya dəyərinin artmasına səbəb olur. Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir.
Eyni zamanda, bəzi sərhəd-keçid məntəqələrində mövcud olan yüklənmə və prosedur fərqlilikləri daşımaların operativliyinə təsir göstərir ki, bu da milli daşıyıcılarımızın planlaşdırma imkanlarını məhdudlaşdıran amillər sırasındadır.
Bununla yanaşı, Azərbaycan ərazisindən tranzit keçən xarici avtomobil nəqliyyat vasitələri üçün sadələşdirilmiş və şəffaf prosedurların tətbiqi, riskəsaslı nəzarət mexanizmləri və rəqəmsal həllər tranzit daşımaların fasiləsizliyinə xidmət edir və yük axınlarının daha stabil şəkildə hərəkətini təmin edir.
Hesab edirik ki, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli və dayanıqlı inkişafı baxımından bu cür praktiki və balanslı yanaşmaların tərəfdaş ölkələrdə qarşılıqlı əsasda tətbiqi, eləcə də vahid, şəffaf tranzit qaydalarının formalaşdırılması eyni istiqamətli dəhlizlər üzrə fəaliyyət göstərən bütün daşıyıcılar üçün daha ədalətli rəqabət mühiti yarada bilər.
- Gömrük və sərhəd-keçid prosedurlarında rəqəmsallaşma, "Yaşıl dəhliz" və elektron icazə mexanizmləri daşıyıcıların fəaliyyətinə və sərhədlərdə gecikmələrə necə təsir edir?
- "Bir pəncərə" prinsipi, məlumatların qabaqcadan elektron qaydada təqdim edilməsi, "Yaşıl dəhliz" mexanizmi və elektron icazə sistemləri sərhəd-keçid proseslərini sürətləndirib, vaxt itkilərinin və əlavə xərclərin azalmasına şərait yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinon gördüyü tədbirlər nəticəsində hazırda Azərbaycan ilə Türkiyə, Özbəkistan və Qırğızıstan arasında elektron "İcazə" sistemi tətbiqinə başlanılıb. Digər ölkələrlə bu istiqamətdə danışıqlar aparılır.
Eyni zamanda, bildirirəm ki, Beynəlxalq Nəqliyyat Formunun (BNF) çoxtərəfli və çoxdəfəli "İcazə"lərini də milli daşıyıcılarımız elektron qaydada istifadə edir. Beynəlxalq daşımalarda istifadə olunan sənədlərin elektron qaydada istifadəsi sürücülərin fəaliyyətini xeyli asanlaşdırıb.
Bununla yanaşı, bu mexanizmlərin səmərəliliyi marşrut boyunca qarşılıqlı tanınma və koordinasiya səviyyəsindən də asılıdır. Gecikmələrin əsas səbəbi əksər hallarda qarşı tərəfin gömrük və nəzarət prosedurları ilə bağlı olur.
- Xarici ölkələrlə mübadilə olunan ikitərəfli və tranzit icazələr tələbatı ödəyirmi?
- İkitərəfli və tranzit "İcazə" blanklarının kvotası hər il Qarışıq Komissiyaların iclaslarında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Zərurət yarandıqda əlavə icazələrin mübadiləsi işçi qaydada həyata keçirilir. Hazırda bu sahədə ciddi problem müşahidə olunmur.
- TIR sistemi çərçivəsində əsas çətinliklər hansılardır?
- "Carnet TIR" sistemi beynəlxalq avtomobil daşımaları zamanı sadə, təhlükəsiz və etibarlı gömrük tranzit mexanizmi kimi geniş tətbiq olunur. Bu sistem daşıyıcılara gömrük rüsumları və vergiləri üzrə vahid beynəlxalq təminat təqdim etməklə, yüklərin sərhədlərdən əlavə təminat prosedurları olmadan keçməsinə imkan yaradır.
"Carnet TIR"in əsas üstünlüklərindən biri ondan ibarətdir ki, daşımalar beynəlxalq zəmanət mexanizmi və SAFETIR elektron nəzarət sistemi vasitəsilə izlənilir. Bu isə yüklərin itirilməsi, sənədlərin dəyişdirilməsi, vergidən yayınma və digər risklərin minimuma endirilməsinə xidmət edir, həm daşıyıcılar, həm də gömrük orqanları üçün şəffaf və etibarlı mühit formalaşdırır.
Eləcə də TIR sisteminin alətlərindən, o cümlədən TIR-EPD kimi (öncədən bəyanetmə) imkanından istifadə etməklə sürətli keçidə şərait yaradır.
Hazırda TIR sistemi çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı praktiki baxımdan ciddi çətinliklər müşahidə olunmur. Bununla yanaşı, Azərbaycanda "Carnet TIR" tranzit sisteminin icbari və ya prioritet mexanizm kimi tətbiqi normativ səviyyədə nəzərdə tutulmayıb.
Qeyd etmək yerinə düşərdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə qonşu ölkələrə və ölkəmiz üzərindən tranzit daşımalar zamanı yükdaşımalar əsasən CMR sənədi əsasında həyata keçirilir. Bu ölkələrdə gömrük təminatı mexanizmi kimi üstünlük əsasən digər özəl təminat sistemlərinə yönəldildiyindən, milli daşıyıcılarımız "Carnet TIR" sisteminin təqdim etdiyi üstünlüklərdən tam şəkildə istifadə etmək imkanından məhrum qalırlar.
Eyni zamanda, beynəlxalq təcrübə göstərir ki, bir sıra ölkələrdə gömrük orqanları qarşısında tranzit təminatının təqdim edilməsi məqsədilə "Carnet TIR"dən istifadəyə normativ və institusional səviyyədə üstünlük verilir. Bu yanaşma daşımaların daha sürətli, proqnozlaşdırıla bilən və risklərin azaldıldığı şəkildə həyata keçirilməsinə imkan yaradır.
Hesab edirik ki, "Carnet TIR" sisteminin tətbiqinin daha geniş təşviqi, normativ əsaslarının gücləndirilməsi beynəlxalq avtomobil daşımalarında, xüsusilə tranzit dəhlizləri üzrə, milli daşıyıcıların fəaliyyətinin asanlaşdırılmasına və ölkənin tranzit potensialından daha səmərəli istifadə olunmasına xidmət edə bilər.
- Dövlətin daşıyıcılara əlavə güzəştlər etməsinə ehtiyac varmı?
- Əlbəttə. Beynəlxalq yükdaşımalarla məşğul olan milli daşıyıcılara dövlət dəstəyinin gücləndirilməsi vacibdir. Xüsusilə sahibkarlığın dəstəklənməsi fondları vasitəsilə təmir-bərpa bazalarının təkmilləşdirilməsi üçün aşağı faizli kreditlərin verilməsi, yeni nəqliyyat vasitələrinin alınması məqsədilə lizinq mexanizmlərinin formalaşdırılması, idxal rüsumları üzrə güzəştlər və vergi sadələşdirmələri daşıyıcıların fəaliyyətinin genişlənməsinə və avtomobil parklarının mərhələli şəkildə yenilənməsinə ciddi töhfə verə bilər.
- Milli daşıyıcıların avtoparkının yenilənməsi hansı mərhələdədir və bu prosesə hansı amillər təsir göstərir?
- Son illərdə milli daşıyıcıların avtomobil parklarının yenilənməsi günün tələblərinə tam cavab vermir. Daşıma qiymətlərinin aşağı səviyyədə olması, xarici ölkələrdə tətbiq olunan əlavə rüsumlar və cərimələr, eləcə də maliyyə imkanlarının məhdudluğu bu prosesi ləngidir.
- Milli daşıyıcıların dayanıqlı inkişafı və beynəlxalq bazarlarda mövqelərinin qorunması üçün hansı yanaşmalar vacibdir?
- Milli daşıyıcıların dayanıqlılığı dövlət dəstəyi, avtoparkın mərhələli yenilənməsi və beynəlxalq bazarlarda tətbiq olunan texniki və ekoloji tələblərə uyğunlaşma ilə birbaşa bağlıdır. Bu sahələrdə kompleks və ardıcıl yanaşmanın tətbiqi daşıyıcıların rəqabət qabiliyyətinin qorunmasına, daşımaların coğrafiyasının genişlənməsinə və Azərbaycanın tranzit potensialından daha səmərəli istifadəyə imkan verəcək.