Hayko Şvars: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yeni nəqliyyat dəhlizlərinin açılmasına yol açacaq"

Hayko Şvars: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yeni nəqliyyat dəhlizlərinin açılmasına yol açacaq" Azərbaycan nəqliyyat habı kimi böyük potensiala sahibdir.
İnfrastruktur
22 Oktyabr , 2024 11:16
Hayko Şvars: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yeni nəqliyyat dəhlizlərinin açılmasına yol açacaq
Hayko Şvars

Azərbaycan nəqliyyat habı kimi böyük potensiala sahibdir.

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Hayko Şvars Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son geosiyasi hadisələr Orta Dəhlizin önəmini daha da artırıb və bu dəhlizin inkişafı həm də "yaşıl nəqliyyat"ın formalaşmasına töhfə verə bilər.

“Biz sülhə ehtiyac duyuruq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Bu, yeni biznes imkanlarının yaranması deməkdir və nəqliyyat dəhlizlərinin açılmasına yol açacaq”, - deyə H. Şvars bildirib.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İdarə Heyətinin sədri Anar Həsənov dəmir yolunun həm dayanıqlı, həm də ekoloji cəhətdən təmiz nəqliyyat növü olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni regionda önəmli nəqliyyat qovşağına çevirir.

A.Həsənov bildirib ki, Azərbaycanın ÜDM-ində dəmir yollarının payı 7 %-ə çatıb: "Bu il Azərbaycan dəmir yollarının 144 illiyi qeyd olunub və hazırda dəmir yollarında 10 mindən çox işçi çalışır".

Qeyd edək ki, oktyabrın 21-25-i tarixlərində Almaniyanın iş adamları Azərbaycanda səfərdə olacaq. Səfərin əsas məqsədi dəmir yolu tikintisi, dəmir yolu texnologiyaları və nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Bu işgüzar missiya Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Almaniyanın Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.

Səfər çərçivəsində alman sahibkarlar Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar, habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərlə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi