Bakı. 18 oktyabr. REPORT.AZ/ Həmişə tələsən sərnişin əşyasını hava limanında unutmaq kimi pis vərdişə malikdir. Əgər əşya sahibi öz malını təhvil almırsa, həmin əşyanın aqibəti necə olacaq? Türkiyədə belə qayda var: malını unutmuş sərnişin 3 aya həmin əşyanı təhvil almasa, hava limanı onu ikinci əl olaraq satışa çıxarır.
Bəs Azərbaycanda belə hal baş verərsə, itmiş əşyanın taleyi necə olur?
“Report”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, sərnişinlərin geri almadığı, o cümlədən unudulan baqaj “Sərnişinlərin, baqaj və yükün daşınması qaydaları”nın 15.18.2-ci bəndinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq xidmətlərinə saxlanılmaq üçün təhvil verilir.
Paşa Kəsəmənski həmçinin qeyd edib ki, baqajın saxlanma müddəti 6 aydır, zaman bitdikdən sonra baqaj müəyyən olunmuş qaydada realizə olunur.
Ülviyyə Kamran