Gömrük modernləşdirilməsi layihəsi ilə bağlı onlayn iclas keçirilib

Gömrük modernləşdirilməsi layihəsi ilə bağlı onlayn iclas keçirilib Sentyabrın 21-də Koreya Gömrük İdarəsinin Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib.
İnfrastruktur
392
21 Sentyabr , 2020 18:18
Gömrük modernləşdirilməsi layihəsi ilə bağlı onlayn iclas keçirilib

Sentyabrın 21-də Koreya Gömrük İdarəsinin Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Koreya Gömrük İdarəsi Yeni texnologiyalar və Qlobal layihələr departamentlərinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçiləri, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.

İclasda sözügedən layihə müzakirə olunub, gələcək əməkdaşlıq imkanları araşdırılıb.

Koreya Gömrük İdarəsi Yeni texnologiyalar departamentinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçisi Seungho Bae bildirib ki, Koreya gömrük xidməti hər il bu istiqamətdə layihə həyata keçirir, müxtəlif ölkələrin gömrük orqanlarının iş strukturlarının icra vəziyyətini analiz etməklə elektron gömrük sisteminin limiti haqqında diaqnoz verir və inkişaf yollarını göstərir.

Qeyd olunub ki, Koreyada 2022-ci ildə həyata keçiriləcək bu layihəyə Azərbaycan Respublikası da qatılmaq niyyətindədir və Azərbaycan ticarətin həcmi, gömrük mühiti və müxtəlif istiqamətlər nəzərə alınmaqla Koreya Gömrük İdarəsi tərəfindən namizəd ölkə olaraq seçilib.

Seungho Bae vurğulayıb ki, Koreya Gömrük İdarəsi şəffaflığı qorumaq məqsədilə bu işi dövlət orqanına deyil, informasiya-kommunikasiya texnologiyaları üzrə müstəqil mütəxəssislərdən ibarət qrupa həvalə edib və mütəxəssislər sentyabrın 14-dən başlayaraq bir ay müddətində araşdırma aparacaqlar. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində isə bununla bağlı sentyabrın 21-dən etibarən bir həftə müddətində onlayn müsahibələr təşkil ediləcək.

T.Xəlilov Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq etdiklərinə görə Koreya Gömrük İdarəsi Yeni texnologiyalar və Qlobal layihələr departamentlərinin məsləhətçilərinə təşəkkürünü bildirib, Komitənin İKT sahəsində həyata keçirdiyi yeniliklərlə bağlı məlumat verib.

Baş İdarənin rəisi Dövlət Gömrük Komitəsində informasiya və kommunikasiya texnologiyaları üzrə layihələrin əsas strateji istiqamətlərdən biri olduğunu, son illər bu istiqamətdə müxtəlif işlərə imza atıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması, elektron gömrük bəyannaməsinin təqdim edilməsi - kağızsız texnologiyaların tətbiqi əsas istiqamətlərdəndir.

T.Xəlilov Azərbaycanda Elektron Hökumətin əsas fəaliyyət prinsipləri və əhəmiyyəti haqqında da məlumat verib, hazırda Elektron Hökumət Portalında Dövlət Gömrük Komitəsinin 16 xidmət təqdim etdiyini, eyni zamanda Komitənin 14 dövlət qurumu ilə informasiya mübadiləsi həyata keçirdiyini bildirib.

Daha sonra gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, VAİS-də tətbiq olunan son yeniliklərdən danışılıb, Komitənin gələcəkdə İKT sahəsində yeni layihələrin həyata keçirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

İclasın sonunda Dövlət Gömrük Komitəsinin rəsmiləri qarşı tərəfin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi