Cəbrayıl rayonunun Horovlu kəndində keyfiyyətli həyatın təmin olunması üçün bir çox maraqlı layihələr həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.
O bildirib ki, kəndin dayanıqlı su təchizatını təmin etmək üçün qədimdən də mövcud olmuş kəhrizlərin bərpası ilə bağlı layihə artıq bitib və hazırda həmin kəhrizlər fəaliyyətdədir: “Tezliklə bura köçəcək sakinlərin ixtiyarındadır. Ümumilikdə, 3 470 sakin üçün nəzərdə tutulan kəndə ilkin mərhələdə bura 1 395 nəfərin köçürülməsi nəzərdə tutulur. Bu günə qədər 334 fərdi evin hörgü və tikinti işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür”.
Şöbə müdirinin sözlərinə görə, Horovlu kəndi Cəbrayıl şəhərinin mərkəzindən təxminən 9 km məsafədə yerləşir: "Kəndin çox maraqlı landşaftı var və dağətəyi ərazidə yerləşir. Ona görə də burada rahat, “yaşıl yaşayış məskəni” yaratmaq üçün əlverişli şərait var. Biz də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Müasir şəhərsalmanın bir çox prinsiplərinə əməl olunub”.
O qeyd edib ki, qayıdışın növbəti məkanı Horovlu kəndi olacaq: “Bu kəndin bütün tikintisi Baş Plana əsasən mərhələli şəkildə davam edir və bütövlükdə kəndin layihələndirilən ümumi ərazisi 248 hektardır. Kənd 3 470 sakinin məskunlaşması üçün nəzərdə tutulub, yəni buna müvafiq olaraq evlər tikilib. Evlər 3 otaqlı, 4 otaqlı və 5 otaqlı ailə sayına uyğun olaraq müəyyən edilib. Burada 1 və 2 mərtəbəli fərdi yaşayış evləri var".
İ. Rzayevanın sözlərinə görə, kənddə marağa səbəb olacaq bəzi nüanslar var: “Kəndin tikintisi zamanı ərazidə köhnə məişət əşyaları, su səhəngləri aşkar edilib. Məsələn, təxminən 30 il əvvələ qədər bu ərazidə yaşayan xanımlar suyu səhənglə daşıyırdılar. Həmin səhənglər bu ərazidə aşkarlandıqca hamısı bir məkana toplanır və biz onları keçmişimizə sevgi ilə bərpa edib, müəyyən yerlərə dekorativ məqsədlərlə tariximizə qayıdış əlaməti olaraq qoyuruq. Eləcə də burada küp əşyalar var. Onlar da toxunulmamış qalıb”.
Şöbə müdiri kənddə təkcə insanlar üçün deyil, digər canlılar üçün rahat məkan yaratmaq istədiklərini vurğulayıb: “Burada heyvanların qidalanması üçün müxtəlif yerlər var. “Paylaşmaq gözəldir” devizi altında istər quşlar, istərsə it və pişiklər üçün qidalanma məkanları müəyyənləşdirilib ki, bu da müasir şəhərsalmanın tələblərindən biridir. Eləcə də burada velosiped yolları olacaq. Nəqliyyat infrastrukturu, yolları çox əlverişli şəkildə düşünülüb. İnsanların bir məkandan digərinə tez yetişməsi üçün düşünülmüş şəkildə yol infrastrukturu quraşdırılıb”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxıblar.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Foto: Ehtiram Cəbiyev