ASCO avtotexnika daşımalarının həcmini 15 % artırıb

İnfrastruktur
  • 26 oktyabr, 2026
  • 12:17
ASCO avtotexnika daşımalarının həcmini 15 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə-gəmilərlə ilə 32 380 ədəd avtotexnika daşınıb.

Bu barədə "Report"a ASCO-dan bildirilib.

Məlumata görə, ötən ilin 9 ayında bu göstərici 28 847 ədəd olub. Nəticədə daşımaların sayı 12 % artıb.

Avtotexnika daşımaları tonla ifadədə daha çox artım göstərib. Cari ilin yanvar-sentyabr aylarında bərə-gəmilərlə 837 557 ton avtotexnika daşınıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 725 966 ton təşkil edib. Bu da 15 %-lik artım deməkdir.

Cari ilin hesabat dövründə bərə-gəmiləri ilə tranzit avtotexnika daşımaları isə 776 744 tona çataraq keçən ilin göstəricisini 11 % üstələyib.