Bu gündən Birləşmiş Ərəb Əmirliklərinin "FlyDubai" şirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.flydubai.com saytında əldə etmək olar. Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:
- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;
- turizm vizası olan sərnişinlər;
- BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.
Dubaydan Bakıya reyslərə aviabiletləri isə yalnız Azərbaycan vətəndaşları əldə edə bilər.
Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriya siyahısı genişləndirilib. Həmin siyahı aşağıdakı kimidir:
- Referans laboratoriyası;
- Leyla klinikası;
- Memorial klinikası;
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.
BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.