Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi vətəndaşların müraciət və təkliflərini dinləmək, problemləri ilə daha yaxından tanış olmaq və operativ həll etmək məqsədilə bu gün Şəki, Qax və Zaqatala rayonlarında vətəndaş qəbulu keçirib.
İnfrastruktur
25 May , 2019 12:31
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi vətəndaşların müraciət və təkliflərini dinləmək, problemləri ilə daha yaxından tanış olmaq və operativ həll etmək məqsədilə bu gün Şəki, Qax və Zaqatala rayonlarında vətəndaş qəbulu keçirib.

“Report” bu barədə ƏMDK-ya istinadən xəbər verir.

Məlumata görə, Komitənin sədri Kərəm Həsənov Şəki rayonunda, onun müavinləri - Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşüb.

Qəbula gələn vətəndaşların bütün müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Müraciətlərin ən qısa zamanda həlli ilə bağlı müvafiq struktur bölmələrin rəhbərlərinə birbaşa tapşırıqlar verilib. Bildirilib ki, göstərilən xidmətlərdə vətəndaşlara yüksək səviyyəli və layiqli münasibət göstərilməli, hər bir vətəndaşın müraciəti operativ və əhatəli formada cavablandırılmalıdır.

Komitənin struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbullarda ünvanlanan müraciətlər daşınmaz əmlakın qeydiyyatı, torpaqların faktiki istifadə qaydaları, ölçülərinin müəyyən olunması ilə bağlı olub. Eyni zamanda dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak kimi məsələlərə dair müraciətlər də səsləndirilib. Bəzi müraciətlər elə qəbul zamanı öz müsbət həllini tapıb. Bölgələr üzrə keçirilən qəbullarda komitənin səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb, müvafiq qurumlara göndərilməsi ilə bağlı vətəndaşlara məlumat verilib.

Komitənin fəaliyyəti ilə bağlı məlumat verən sədr bildirib ki, ölkə əhalisinin göstərilən xidmətlərdən əlçatan və rahat formada istifadəsi üçün səyyar kampaniyalar təşkil edilir. Belə ki, mobil torpaq laboratoriyaları vasitəsilə torpaqların münbitliyini və səmərəliyini birbaşa sahələrdə öyrənmək mümkündür. Bunun üçün səyyar ofislərdə müasir imkanlar yaradılıb.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası çərçivəsində vətəndaşlara çevik formada, bilavasitə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilir, sənədlər toplanır. Komitə sədri bildirdi ki, elektron çıxarışa keçid vətəndaşların real vaxt rejimində müxtəlif əməliyyatlarda bu sənəddən maneəsiz istifadəsini, o cümlədən çıxarışın saxtalaşdırılması, yararsız hala düşməsi kimi mənfi halları aradan qaldırır.

Keçirilən qəbulda K.Həsənov regional ofis rəhbərlərinə xidmət səviyyəsini daha da yüksəltmək, vətəndaş məmnuniyyətini təmin etmək, fəaliyyətdə çatışmazlıqları aradan qaldırmaq kimi tapşırıqlar verib. ƏMDK-nın rəhbərliyinin vətəndaş qəbulları qarşıdakı aylarda da davam edəcək.

Son xəbərlər

Orphus sistemi