“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib

“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirib.
İnfrastruktur
25 İyul , 2019 11:48
“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirib. 

“Report” xəbər verir ki, tədbirdə ƏMDK-nın və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrləri, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini həyata keçirən “Ofek Aerial Photography” şirkətinin rəhbərliyi və nümayəndələri, jurnalistlər iştirak ediblər.

Konfransın məqsədi Milli Məkan Məlumatları infrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin idarəetmə mexanizmi innovativ üsullarla həyata keçirilir, o cümlədən elektron hökumət quruculuğu, geoməkan standartlarının tətbiqi sahələrində işlər təkmilləşdirilir. Elektron hökumətin ayrılmaz tərkib hissəsini ölkədə qurulmasına start verilmiş Milli Məkan Məlumatları İnfrastrukturu təşkil edir. Bu baxımdan ölkə prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir. Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.

Bu infrastruktur dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman kəsiyinə uyğun sistemləşdirir. Bu infrastruktur istənilən sahədə idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsini, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə olunmasını, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkilini təmin edir.

Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib.

Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Ölkəmizdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də “Yer Səthinin Peyk Nəzarəti Sistemi”nin qurulması layihəsidir.

Qeyd olunub ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin təmin edilməsində xüsusi rolu var.

Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevvə İsrailin Azərbaycandakı səfiri Dan Stav isə çıxış edib, ƏMDK ilə İsrail Dövlətinin “Ofek Aerial Photography” qurumu arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb. 

Son xəbərlər

Orphus sistemi