ƏMDK sədri Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb

ƏMDK sədri Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb.
İnfrastruktur
14 Mart , 2018 09:56
ƏMDK sədri Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb

Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb.

“Report” Dövlət Komitəsinə istinadə xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılmasıdır.

Eyni zamanda bu istiqamətdə reallaşacaq birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas vəzifələrindən olub. K.Həsənov Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlak idarəçiliyi sahələrinin ölkə üçün aktuallığını qeyd edib. O, rəhbərlik etdiyi qurumun reallaşdırdığı layihələr və beynəlxalq əməkdaşlıq əlaqələri, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib, diqqətə çatdırıb ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamətlərdəndir. Özəlləşdirilmə prosesinin sürətləndirilməsi isə mövcud iqtisadi inkişafın dinamikliyini təmin edir. Bu istiqamətdə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edilir, elektron xidmətlərin sayı genişləndirilməklə əlçatanlıq artırılır, prosedurlar sadələşdirilir.

Komitə sədrinin sözlərinə görə, özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar keçirilir. Bu sahədə innovativ layihələrindən biri olan, funskionallığı ilə seçilən elektron hərracların tətbiqi də Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı olub. Sistem dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Özəlləşməyə müxtəlif iqtisadi sahələri əhatə edən səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, eləcədə nəqliyyat vasitələri çıxarılır.

K.Həsənov qeyd edib ki, əmlaklara investorların cəlb edilməsi, yatırılan sərmayənin həcminin artırılması, özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, o cümlədən bu sahədə şəffaflığın və çevikliyin təmin edilməsi məqsədilə “Özəlləşdirmə portalı” da fəaliyyət göstərir. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb.

Komitə sədri xarici dövlətləri təmsil edən, o cümlədən Türkiyədən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühitinin olduğunu da vurğulayıb.

Türkiyə-Azərbaycan İş Şurası 1991-ci ildə Avrasiya İş Şuraları çərçivəsində təsis edilib. Şura iki ölkə arasında regional iqtisadi və sosial əməkdaşlığı gücləndirmək üçün “əkiz şəhərlər” yanaşması üzrə əlaqələrin qurulması fəaliyyətini həyata keçirir. Məqsəd Türkiyə və Azərbaycandan olan özəl şirkətlər və iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafını, eləcədə hər iki ölkədən olan investorlar arasında iqtisadi əlaqələrin qurulmasını təmin etməkdir.

Görüşdə Türkiyənin və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi