Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə innovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
İnfrastruktur
1 Oktyabr , 2024 10:29
Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə innovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.

Bu nüfuzlu mükafatın qalibini hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi qiymətləndirərək seçib. Onu qazanmaqla Agentlik müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.

Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib. O, çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib, qeyd edib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətlə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Agentlikdə də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.

Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, doğma torpağlarımızı, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3 094,3 km təşkil edir.

Proqram çərçivəsində artıq ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsini uğurla icra olunaraq yekunlaşdırılıb.

Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 km təşkil edən olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 km-ə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Mühüm yol infrastrukturu layihələrindən biri olan və İnnovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş uzunluğu 81,7 km təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi