Dünya Bankı: Yenikənd-Biləsuvar avtomobil yolunun yenidən qurulması başa çatmaq üzrədir

İnfrastruktur
  • 11 oktyabr, 2024
  • 14:41
Dünya Bankı: Yenikənd-Biləsuvar avtomobil yolunun yenidən qurulması başa çatmaq üzrədir

Azərbaycan hökuməti Dünya Bankının "Regional Bağlantıların İnkişafı" layihəsinin həyata keçirilməsi üçün ayırdığı kreditin 71 %-ni istifadə edib.

“Report” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, 65 milyon ABŞ dolları məbləğində ümumi kreditdən artıq 46,22 milyon ABŞ dolları istifadə olunub.

Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dolları təşkil edir.

Layihənin əsas məqsədi təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat infrastrukturunun yaradılması, həmçinin Yenikənd-Salyan-Biləsuvar avtomobil yolu dəhlizi boyunca bazarlara çıxışın yaxşılaşdırılmasıdır. Layihə yenilənmiş yol infrastrukturu və genişləndirilmiş iqtisadi imkanlar sayəsində bu marşrut boyunca yaşayan təxminən 250 min insana fayda verəcək.

Layihə üç komponentdən ibarətdir. Birinci, "Nəqliyyat əlaqəsi" 59,24 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. "Yol sektorunun dayanıqlığı"na yönəlmiş ikinci komponent 2 milyon ABŞ dolları, "Yerli inkişaf və logistika" adlı üçüncü komponent isə 2 milyon ABŞ dolları dəyərindədir.Layihənin reallaşdırılmasına 13 dekabr 2021-ci ildə başlanılıb və Dünya Bankının məlumatına görə, onun həyata keçirilməsi plana uyğun gedir.

"Yenikənd-Biləsuvar yolunun tikintisinə cavabdeh olan podratçı tam səfərbər olub və yaxşı nəticələr göstərir. Bu ilin avqust ayına olan vəziyyətə görə, planlaşdırılan tikinti işlərinin təxminən 75 %-i yerinə yetirilib", - hesabatda vurğulanıb.

M-3 Ələt-Astara-İranla sərhədi magistral avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin 71 kilometrlik hissəsinin yenidən qurulması ilin sonuna qədər başa çatdırılacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti