Çinin Çjetsyan əyalətindən olan iş adamları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz, TBNM) çərçivəsində Qazaxıstanın infrastruktur imkanlarından istifadə etməkdə maraqlıdırlar.
“Report”un Qazaxıstan bürosu Aqmola vilayətinin akimatının mətbuat xidmətinə istinadən xəbər verir ki, iş adamları bunu regiona səfəri zamanı bildiriblər.
"Nümayəndə heyəti respublika əhəmiyyətli Aqmola sənaye zonasını öz istehsal obyektlərini yerləşdirmək üçün platforma kimi nəzərdən keçirir", - mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bundan başqa, elektron ticarət və logistika ilə bağlı layihələrdə mümkün əməkdaşlıq müzakirə olunur.
Çjetsyan Çinin əsas əyalətlərindən biridir və inzibati mərkəzi “Alibaba”, “DingTalk” və digər texnoloji nəhənglərin baş ofislərinin yerləşdiyi Hançjoudadır. Region həmçinin xaricə fəal şəkildə investisiya yatıran Çinin iri özəl şirkətlərinin sayına görə liderdir.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ildə Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyini artırmaq üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.
2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton yükün daşınacağı proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-in üzvü olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonunu quru yüklər (96 min TEU), 1,7 milyon tonunu isə neft təşkil edəcək. 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti 10 milyon tona çata bilər.