Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən 2021-ci ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner”dən bildirilib.
Məlumata görə, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma "Maersk" və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau - Ələt fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan 41-i Sian, 15-i isə Çinqdao şəhərindən yola salınıb. Qatarın yükü əsasən avtomobil şinləridir.
Qatar artıq Bakıdan Tbilisiyə yola salınıb. Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.