Bakı. 22 oktyabr. REPORT.AZ/ “Bədnam qonşularımız Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti haqqında Rusiya mətbuatında yazdırırdılar ki, bu xətt kənardan keçir. Amma hazırda Rusiya və Qazaxıstan şirkətlərinin əksəriyyəti BTQ ilə maraqlanır”.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (SADY) sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə qiymətlər açıqlanacaq. Amma BTQ ilə yükdaşımaların həcminin artırılması rəhbərlik etdiyi qurumla yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG) asılıdır.
“ADY-nin yükdaşıma qabiliyyəti ildə 30 mln. tondur. Bunun 10 mln. tonu daxili daşımalar, 20 mln. tonu isə Rusiyadan gələn yüklər ola bilər. Yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil. AXDG də böyüməlidir. Bu gün onun yükdaşıma qabiliyyəti ildə 5-7 mln. ton arasındadır. Amma hazırda Gəmiçilik yeni gəmilər tikir və yəqin ki, yükdaşıma gücüni artıracaq".