Bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Qarabağ” – “Bazel” oyununa görə “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası gücləndirlmiş iş rejimində çalışacaq.
Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək: “Bakı Metropoliteni”nin hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı mövcuddur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsini təmin etmək məqsədi ilə ehtiyat qatarların da xəttə buraxılmasını nəzərdə tuturuq. Xüsusi zərurət olarsa “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Əvvəlki təcrübələrimizi nəzərə alaraq deyə bilərəm ki, bu müddət bizə sərnişin axınını idarə etməyə kifayət edər”.