Bakının Səbail rayonunda, Nizami küçəsi 151 B ünvanında yaşayan sakinlər kanalizasiya problemindən əziyyət çəkir.
Bununla bağı "Report"a danışan şikayətçilər deyir ki, ərazidən keçən kanalizasiya xətləri köhnədir və yağış yağan kimi çirkab sularının axıdılması problemə çevrilir.
Belə ki, zirzəmilər ağzına qədər su ilə dolur, əksər hallarda isə üfunətli suyun səviyyəsi evlərə qədər qalxır. Artıq bir neçə evin sütunları yararsız hala düşüb.
"Yağış yağanda evdə oturmaq qeyri-mümkün olur. Qonaq otağımızla evin zirzəmisi arasında yarım metr məsafə var. Bütün məhlənin kanalizasiyası evimizə dolur. Üfunət iyi bütün evi bürüyür. Bu yaxınlarda evi tamamilə yenidən təmir etdik. Lakin qısa müddətdə təmirimiz, yəqin ki, heç olacaq. Ən əsası zirzəmiyə dolan sular xəstəlik mənbəyidir”, - deyə sakinlərdən biri bildirib.
Onların sözlərinə görə, problemlə bağlı bir sıra qurumlara müraciət etsələr də, tədbir görən olmayıb: "Bu problemə heç bir əncam çəkilməyib. Biz hara və kimə müraciət edək?!. Nə vaxta qədər bu cür şəraitdə yaşamaq olar?!”.
"Report" məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırdır.