Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılıb
- 31 may, 2018
- 05:31
Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.
Qurumun açıqlamasında deyilir ki, yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.