Bakıda keçiriləcək qələbə paradına hazırlıq işləri davam edir.
“Report” xəbər verir ki, yol polisi bununla əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqədar texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
“Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız "10-cu zavod dairəsi" və Babək prospektindən keçməklə hərəkət etməlidir.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib”, - deyə o bildirib.
V.Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.