Bakı. 13 dekabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyə Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib.
“Report” ADY-yə istinadən xəbər verir ki, görüşdə qurumun sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. O, bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.
Daha sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Görüşün sonunda tərəflər arasında anlaşma memorandumu imzalanıb. Sənəd Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsini nəzərdə tutur.