Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb

Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb Bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib
İnfrastruktur
13 İyul , 2017 04:14
Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Ölkədə ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.

O bildirib ki, ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur:

"Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.

Hesabat ilində torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetiriləcək. Eyni zamanda, bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması təmin ediləcək. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur. Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonunda yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi öz müsbət həllini tapıb".

Nazir bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsinin də torpaq idarəçiliyində problemlər yaratdığını bildirib. O qeyd edib ki, hazırda aidiyyəti orqanlarla birlikdə bu problemlərin həlli ilə bağlı tədbirlər görülür.

"Eyni zamanda, işğal altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq – sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna olmaqla, respublikanın digər inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işləri yekunlaşıb. Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi də başa çatdırılıb.

Respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq", - deyə Kərəm Həsənov əlavə edib.

Son xəbərlər

Orphus sistemi