“Azərsu” yeni xidmətini istifadəyə verib - VİDEO

“Azərsu” yeni xidmətini istifadəyə verib - VİDEO Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC zəruri tədbirlərin icrasını davam etdirir.
İnfrastruktur
13 Aprel , 2020 13:30
“Azərsu” yeni xidmətini istifadəyə verib - VİDEO
Azərsu / Report

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC zəruri tədbirlərin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, qurumun əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.

Ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq “Azərsu” "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini istifadəyə verib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər. Xidmətdən istifadə etmək istəyən abonentlər Cəmiyyətin facebook səhifəsinə daxil olub (AZERSU OJSC) mesaj bölməsində əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üzrə tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir.

1. Abonentin e-mail ünvanı

2. Mobil telefon nömrəsi

3. Şəxsiyyət vəsiqəsinin FİN kodu

4. Abonent kodu

5. Sayğac göstəriciləri

5-ci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur. Sonra sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitəsləri isə aktiv olmalıdır.

Müraciət qeydiyyata alındıqdan sonra aidiyyatı üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS bildiriş göndərilir.

Bundan sonra abonent www.azersu.az saytında “Elektron faktura” elektron xidmətindən istifadə edərək abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.

Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti ilə əyani tanış olmaq üçün “Azərsu”nun "Facebook" səhifəsində videoçarx yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi