"Azərsu" Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirib

"Azərsu" Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirib Görüş Hacı Zeynalabdin Tağıyevin ev muzeyində baş tutub
İnfrastruktur
16 Mart , 2017 18:19
Azərsu Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirib

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda keçirilən I Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Hacı Zeynalabdin Tağıyevin ev muzeyində kompleksin tikintisində müstəsna xidmətləri olan Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirilib.

"Azərsu" ASC-dən "Report"a verilən xəbərə görə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı H.Z.Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan ev muzeyi barədə ətraflı məlumat verib. O qeyd edib ki, H.Z.Tağıyevin vaxtilə yaşadığı binada yerləşən muzeydə onun həyat və fəaliyyətini, o dövrün ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini əks etdirən qiymətlisənədlər və eksponatlar saxlanılır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, XX əsrin əvvəllərində çəkilən Şollar kəməri Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqəti özünə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrilib.

“Azərsu”nun sədri Qorxmaz Hüseynov vurğulayıb ki, Şollar mənbəyindən Bakıya su kəmərinin çəkilməsi ideyasının dəstəklənməsində və layihənin reallaşdırılmasında U.Lindley və H.Z.Tağıyevin xüsusi xidmətləri olub: "Bakının neft milyonçularından olan Tağıyev bir sıra sosial layihələri həyata keçirib ki, onların arasında Şollar-Bakı su kəməri xüsusi qeyd olunmalıdır. H.Z.Tağıyev Bakı Şəhər Dumasının üzvü olmaqla yanaşı, həm də Su Təchizatı Komissiyasında təmsil olunurdu. O, Avropa ölkələrinə səfərlərində su və kanalizasiya sistemləri ilə yaxından tanış olur və Bakı şəhəri üçün də belə bir layihəni vacib sayır, Bu məsələni şəhər rəhbərliyi qarşısında qaldırırdı. Məhz onun və Lindleyin prinsipiallığı nəticəsində Şollar-Bakı layihəsi reallaşmış və Bakıda ilk dəfə mərkəzləşdirilmiş şəbəkə qurulub. Odur ki, bizlər və gələcək nəsillər Bakı şəhərinin içməli su təchizatında müstəsna xidmətləri olan Tağıyevin və Lindleyin xatirəsini heç zaman unutmayacağıq”.

Layihənin 100 illiyi münasibətilə Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib.

H.Z.Tağıyevin nəticəsi Kamilla Abdullayeva ulu babasının xatirəsinin uca tutulmasından minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi