"Azərsu": Horadizdə 2 su anbarı inşa olunacaq

"Azərsu": Horadizdə 2 su anbarı inşa olunacaq Cari ilin may ayında Füzuli rayonunun Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb.
İnfrastruktur
29 Avqust , 2019 17:17
Azərsu: Horadizdə 2 su anbarı inşa olunacaq

Cari ilin may ayında Füzuli rayonunun Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub. Hazırda quyuların qazılması ilə paralel olaraq 100 kubmetr həcmində sutoplayıcı anbarın və nasos stansiyasının tikintisi davam etdirilir. Su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 km uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Şəhərin dayanıqlı su təchizatının aparılması məqsədilə ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı inşa olunacaq. Hazırda həcmi 1500 kubmetr olan birinci anbarın tikintisi davam etdirilir.

Tikinti işlərinə başlanılan qısa müddət ərzində inşası nəzərdə tutulan 20 km su şəbəkəsinin 16 km-lik hissəsi inşa edilib, 1500 ünvandan 1000-ə qədəri yeni şəbəkəyə qoşulub. Yaxın vaxtlarda içməli su şəbəkəsinin inşası başa çatacaq və layihənin birinci mərhələsində 6 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.

Növbəti mərhələdə görüləcək işlər bütün Horadiz şəhərini əhatə edəcək. Bu məqsədlə 3 yeni subartezian quyusunun qazılması, şəhərdaxili su şəbəkəsinin 70 km-dək genişləndirilməsi, ev birləşmələrinin sayının 3500-ə çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində gələcəkdə rayonun Mollaməhərrəmli və Arayatlı kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən rayonun 15 min sakini faydalanacaq.

İlkin qiymətləndirmələrə görə, Horadiz şəhərində 48 km tullantı su şəbəkəsinin, 2 km kollektorun tikintisi və 2500 ünvanın kanalizasiya şəbəkəsinə qoşulması planlaşdırılır. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

Son xəbərlər

Orphus sistemi