“CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” (CATS) sistemi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən saziş hazırlanır.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Sazişin müzakirəsi Özbəkistanın Daşkənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində icra edilən “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” (CATS) layihəsinin pilot mərhələsi üzrə texniki işçi qrupunun 4-cü iclasında aparılıb.
Tədbirdə Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan dövlətlərinin gömrük xidmətlərinin nümayəndələri və Asiya İnkişaf Bankının ekspertləri iştirak ediblər.
Həmçinin “CAREC Təkmilləşdirilmiş Tranzit Sistemi və Məlumatların Ümumi Mübadiləsi” layihəsinin ilk simulyasiya testinin nəticələri də müzakirə edilib.
Görüşdə hər bir üzv ölkənin gömrük orqanlarının nümayəndələri və ADB-nin ekspertlərindən ibarət 3 işçi qrupunun ayrı-ayrılıqda iclasları da təşkil olunub.