Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması realdırmı?

Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması realdırmı? "Azərbaycanda suvarma məqsədli (texniki) suyun dəqiq uçotunun aparılması üçün su sahələrə kanallar vasitəsilə deyil, borularla çatdırılmalıdır".
İnfrastruktur
13 Oktyabr , 2021 14:37
Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması realdırmı?

"Azərbaycanda suvarma məqsədli (texniki) suyun dəqiq uçotunun aparılması üçün su sahələrə kanallar vasitəsilə deyil, borularla çatdırılmalıdır".

Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin texniki sudan istifadənin subsidiyalaşdırılması barədə təklifini şərh edərkən deyib.

“Burada suyun necə bölünəcəyinə, fermerin onu hansı mənbədən alacağına dair suallar var. Çünki fermer bu məsələləri təkbaşına həll edə bilməz. Subsidiya mexanizminin effektiv işləməsi üçün əvvəlcə fermerin hansı mənbədən su alacağı dəqiq müəyyən olunmalıdır. Onlar hansı çaydan, göldən və yaxud axardan su alacaqlarına dair məlumatlandırılmalıdırlar. Bunu etmək üçün isə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın regional idarələri var", - o qeyd edib.

Ekspert diqqətə çatdırıb ki, subsidiyalaşdırma sadəcə bir komponentdir, suvarma məsələsinin həlli isə daha kompleks yanaşma tələb edir: “Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardır. Ölkənin su ehtiyatları isə normal şəraitdə 32 milyard kubmetr, quralıq vaxtı isə 20 milyard kubmetridir. Yəni, bizim kifayət qədər su ehtiyatımız var. Lakin qlobal miqyasda su çatışmazlığı problemi var və bu proses getdikcə dərinləşir. Ona görə mövcud resurslardan qənaətlə istifadə etmək gələcək perspektiv baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs bunu necə edə bilərik? Rəsmi məlumata görə, meliorasiya və su təsərrüfatının xətti ilə təqribən 10 milyard kubmetr su götürülür, 7 milyard kubmetr sudan səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir. Hətta ən son tikilən kanallarda belə su sızmaları var. İtkilərə gedən suyun həcmini minimuma endirmək üçün təsərrüfatlara suyu kanallar vasitəsilə deyil, borularla çatdırmaq lazımdır. Həmin borulardan da suyu birbaşa fermerin əkin sahəsinə çatdırmaq lazımdır. Sayğac qoyulandan sonra isə suyun dəqiq uçotunu aparmaq mümkün olacaq. Əgər fermerin su xərci çox olarsa subsidiya, dotasiya kimi fərqli dövlət dəstəyi mexanizmlər işə salına bilər. Bunlar təmin olunmadan sudan istifadənin subsidiyalaşdırılması hesabına bu sahədəki problemləri həll etmək mümkün olmayacaq”.

Xatırladaq ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" subsidiyalaşdırma ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparıb. Qurumda hesab edir ki, bu, gələcəkdə hər bir fermerin sudan qənaətlə istifadəsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi