Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası niyə gecikir?

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası niyə gecikir? Utilizasiya proqramı texniki cəhətdən köhnəlmiş,  mühərriki normal işləməyən və ətraf mühitə, insan sağlamlığına təhlükə yaradan avtomobillərə aid olunur.
İnfrastruktur
4732
30 Noyabr , 2020 13:51
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası niyə gecikir?

Dünya ölkələrində ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası həyata keçirilir. Azərbaycanda da 2018-ci ilin dekabr ayında yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı imzalanıb və bu proqramda istismara yararsız nəqliyyat vasitələrinin utilizasiya prosesi öz əksini tapıb. Buna baxmayaraq hələ də bu sahədə tutarlı bir fəaliyyətin şahidi olmamışıq.

“Report” utilizasiya proqramının hazırlanması və tətbiqinin niyə ləngidiyini, sözügedən proqramda hansı müddəaların yer almalı olduğunu və istismara yararsız nəqliyyat vasitələrinin hansı fəsadlara yol açdığını öyrənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə “Report”a verdiyi açıqlamada bəzi nəqliyyat vasitələrinin ətraf mühit üçün yaratdığı təhlükələrdən söz açıb:

“Avtomobilin köhnə hesab edilməsi onun yalnız ilinin köhnə olması demək deyil. Avtomobil var ki, üç ildir istifadə olunur, amma elə vəziyyətdədir ki, artıq istismar oluna bilməz. Elə avtomobil də var ki, iyirmi ildir istifadə olunur, amma yaxşı vəziyyətdədir. Ona görə də utilizasiya proqramı texniki cəhətdən köhnəlmiş, mühərriki normal işləməyən və ətraf mühitə, insan sağlamlığına təhlükə yaradan avtomobillərə aid olunur. Həmin avtmobilin sahibi avtomobilini təhvil verir, onun əvəzində müəyyən maliyyə vəsaiti (vauçer) götürür.

Avtomobil köhnəldikcə onun mühərriki də köhnəlir. Bu zaman mühərrikin işində müəyyən qüsurlar əmələ gəlir. Həmin mühərrik işləyən zaman yaranan və atmosferə atılan tullantı qazların tərkibində zərərli maddələrin miqdarı artır. Bu isə ətraf mühitə, atmosfer havasının keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir. Hər bir ölkədə avtomobil parkının yenilik göstəricisi var. Avtomobil parkı köhnə olan ölkələrdə atmosfer havasının keyfiyyəti də pisdir. Avtomobil parkının yenilənməsi atmosfer havasının da daha təmiz olması deməkdir”.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə utilizasiya proqramının hansı şərtlərlə hazırlanmalı olduğuna dair təkliflərini bölüşüb:

“2018-ci ilin dekabrında yol hərəkətinin təhlükəsizliyinə dair üç illik dövlət proqramı qəbul olunub. Həmin proqramda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi utilizasiya proqramı hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu proqram hələ hazır deyil, bir layihə halında mövcuddur.

Utilizasiya proqramı müxtəlif qurumlar arasında razılaşdırılmalı və onun şərtləri olmalıdır. Hər avtomobili utilizasiya etmək olmaz. Vətəndaşdan avtomobilin alınmasının əvəzində ona nəyin verilməli olduğu, utilizasiyanı hansı subyektin və hansı şərtlərlə həyata keçirəcəyi, utilizasiyadan sonra avtomobil parkının vəziyyətinin necə olacağı, avtomobillərin ehtiyat hissələrinin təkrar emalı kimi məsələlər nəqliyyat qurumları, Dövlət Yol Polisi və utilizasiyanı həyata keçirəcək subyekt arasında müzakirə olunmalıdır. Burda elə məsələlər var ki, onların ictimai müzakirəyə də ehtiyacı var.

Utilizasiya proqramını həyata keçirən zaman üç hədəf götürülməlidir. Birinci hədəf istismara yararsız avtomobillərin yollardan yığışdırılması olmalıdır. İkinci hədəf o olmalıdır ki, bu işlər avtomobil sahibləri və ölkə iqtisadiyyatı üçün minimum zərərlə həyata keçirilsin. Üçüncüsü isə, əhalinin avtomobilə olan ehtiyacı, yəni mobilliklə bağlı heç bir problem yaşanmamalıdır. Burda söhbət təkcə minik avtomobillərindən getmir, amma, məsələn, köhnə avtobusları utilizasiya etsələr insanlar piyada qalacaqlar.

Dünya təcrübəsində avtomobillərin utilizasiyası onların ilinə əsasən aparılmır. Bu ölkələrdə avtomobillərlə bağlı sərt dövlət standartları var. Həmin standartlara uyğun olmayan avtomobilləri utilizasiya edirlər. Ola bilər ki, bir avtomobil qəzaya düşər və sonradan onu bərpa etmək mümkün olar. Amma elə də olur ki, avtomobilin bərpası mümkün olmur və ya çox baha başa gəlir. Bu kimi avtomobillər utilizasiya olunmalıdır”.

Təmiz Şəhər MMC-dən verilən açıqlamada isə utilizasiya prosesinin icrasının gecikməsinə aydınlıq gətirilib:

“Qanun layihəsi hazırlanıb artıq hökumətə təqdim olunub. İndi onun müzakirəsi gedir. Müzakirə bitəndən və son qərar veriləndən sonra ictimaiyyətə geniş məlumat verəcəyik. Konsepsiya ondan ibarətdir ki, insanlar köhnə maşınları təhvil verərək müəyyən güzəşt alacaqlar. Bu məbləğ hələ ki, bəlli deyil və müzakirə mövzusudur. Hansı ildən olan avtomobillərin köhnə hesab edilərək utilizə olunacağı da hələ müəyyənləşməyib.

Bu məsələ hələ layihə şəklindədir və müəyyən qurumlar bu layihəni təsdiqləməlidir. Yekun rəy olmalıdır və onun nəticəsində son qərar qəbul edilməlidir. Yəqin ki, nəqliyyat vasitəsindən asılı olaraq güzəştlər də dəyişəcək. Əslində layihə gecikmir, müxtəlif qurumlara təqdim olunub və müəyyən müddət keçməlidir ki, onlar bu layihəyə cavab versin. Bəzən layihəyə düzəlişlər olunur və yenidən lazımi qurumlara göndərilir. Ona görə də burda gecikmədən söhbət gedə bilməz. Layihənin nə vaxta təsdiqlənəcəyini dəqiq demək mümkün deyil. İlin sonuna qədər gözləyək, görək nə olacaq”.

Son xəbərlər

Orphus sistemi