WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB

İnfrastruktur
  • 16 yanvar, 2026
  • 17:42
WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıb.

Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan BMT və Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti arasında WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.

Ev Sahibi Ölkə Sazişi əsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.

Bu sənədin imzalanması 17–22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

A.Quliyev UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlərin bunu təsdiqləyini qeyd edib.

O əlavə edib ki, bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir: "UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insan yönümlü şəhərlərin təşviqinə töhfə verəcək".

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax bu mühüm toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edib: "Azərbaycanın liderliyi və tərəfdaşlığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə öz minnətdarlığımızı bildiririk. Biz, təqribən 3 milyard insanı, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyard insana təsir edən qlobal mənzil böhranını birlikdə həll etməliyik."

Bakı şəhərinin WUF13-ün ev sahibi elan edilməsindən sonra 2023-cü il dekabr ayında Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Bu saziş qlobal konfransın ev sahibi ölkədə təşkili üçün hüquqi konsepsiyanı müəyyən etməklə yanaşı, həm təşkilati, həm də planlaşdırma məsələlərinin böyük əksəriyyəti üçün əsas olub.

Qeyd edək ki, 2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlamışdır və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.

Cenevrə şəhərində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişini imzalanıb.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" hesabındakı paylaşımda qeyd edib.

O bildirib ki, bu sənədin imzalanması mayın 17–22-də Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir: "Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir".

A.Quliyev qeyd edib ki, UNHabitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirir: "Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlər bunu təsdiqləyir. Bu gün Azərbaycan İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. Əminik ki, UNHabitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və İnsan Yönümlü şəhərlərin təşviqinə töhfə verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti