Azərbaycan və Rusiya "Samur" hidroqovşağının birgə istismarını müzakirə edib

Azərbaycan və Rusiya "Samur" hidroqovşağının birgə istismarını müzakirə edib Rusiyanın Pyatiqosk şəhərində Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 23-cü iclası keçirilib.
İnfrastruktur
10 dekabr 2022 07:36
Azərbaycan və Rusiya Samur hidroqovşağının birgə istismarını müzakirə edib

Rusiyanın Pyatiqosk şəhərində Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 23-cü iclası keçirilib.

Bu barədə "Report"a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinindən məlumat verilib.

Bildirilib ki, iclas "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2010-cu il sentyabrın 3-də imzalanan sazişə əsasən keçirilir.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, "Samur" hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.

Qeyd edək ki, sazişə əsasən, komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

Samur çay Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samur çay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır.

Samur çayının uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4 430 km2-dir. Samur çayının illik su sərfinin 20 % yazda, 49 % yayda, 20 % payızda və 10 % qış aylarında keçir. Çayın illik su sərfi həcmi 2,36 km3-dən az artıqdır.

Son xəbərlər

Orphus sistemi