Azərbaycan və Belarus dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Belarus dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
İnfrastruktur
113
12 Noyabr , 2021 10:12
Azərbaycan və Belarus dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Stadler Minsk” və ADY arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub. Qeyd edilib ki, ölkələrimiz nəqliyyat, o cümlədən dəmir yolu sahəsində ikitərəfli və çoxtərəfli şəkildə əlaqələri inkişaf etdirir. C.Qurbanov bildirib ki, rəhbərlik etdiyi qurum 2015-ci ildən Belarusun aparıcı sənaye müəssisəsi və “Stadler” beynəlxalq konserninin bir hissəsi olan “Stadler MİNSK” QSC ilə əməkdaşlığa başlayıb. Şirkətlə 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 10 ədəd FLİRT markalı sərnişin qatarının alınması nəzərdə tutulur. Bunlardan 4 ədədi dizel, 6 ədədi isə elektrik qatarlarıdır.

Həmçinin bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi sahəsində daşınan yüklərin həcminin artırılması məqsədi ilə 20, 40 və 45 futluq konteynerlərə, taxıl və taxıl məhsullarına, günəbaxan yağına, taxta yükünə, neft məhsullarına və ADY-nin Astara ərazisindən daşıdığı bütün növ tranzit və ixrac yüklərinə güzəştli tariflər tətbiq edilib. MDB-yə üzv ölkələrin dəmiryol administrasiyalarının 17 fevral 1993-cü ildə qəbul etdiyi Tarif Razılaşmasına əsasən, hər il keçirilən Tarif Konfranslarında Azərbaycan və Belarus nümayəndələri növbəti fraxt ili üçün qüvvədə olacaq tariflər barədə müzakirələr aparırlar.

A.Ravkov da öz növbəsində Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi nailiyyətlərə toxunub, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini özü icra edərək 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünün bərpasına nail olub. Diplomat işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı və sürətli bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyini, həmin bölgələrdə nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə dəmir yolu və nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin bundan sonrakı istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi