Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır.
"Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək", - deyə ADY rəsmisi qeyd edib.
Qurum həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər.
"Bu da o deməkdir ki, sərnişinlərin sürətli qatarlarla Ağstafaya 14,5 manata, Qəbələyə isə 12 manata bilet əldə etmək şansı var. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir. Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən alış edən sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsində ADY üçün planlaşdırma imkanları yaradır", - deyə A.Fərəcov əlavə edib.
Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb.