AYNA: Bakı–Sumqayıt istiqamətində yeni marşrutlar 25 mindən çox sərnişinin daşınmasını təmin edib

AYNA: Bakı–Sumqayıt istiqamətində yeni marşrutlar 25 mindən çox sərnişinin daşınmasını təmin edib Bakı–Sumqayıt istiqamətində dörd yeni avtomobil marşrutunun yaradılması 25 mindən çox insanın daşınmasına imkan verib.
İnfrastruktur
16 aprel 2025 16:52
AYNA: Bakı–Sumqayıt istiqamətində yeni marşrutlar 25 mindən çox sərnişinin daşınmasını təmin edib

Bakı–Sumqayıt istiqamətində dörd yeni avtomobil marşrutunun yaradılması 25 mindən çox insanın daşınmasına imkan verib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafında ən vacib istiqamətlərdən biri infrastrukturun inkişafı olaraq qalır.

"2024-cü ildə 476 milyon sərnişin daşınıb - bu, əvvəlki illə müqayisədə 6 % çoxdur. Avtobus parkının yenilənməsi çərçivəsində 11 marşrut üzrə 154 avtobus yeniləri ilə əvəzlənib və artıq müəyyən istiqamətlərdə xidmət göstərən 165 ədəd elektrik avtobusu alınıb", - T.Səfərov qeyd edib.

O əlavə edib ki, nağdsız ödəniş sisteminin tətbiqi çərçivəsində 2 mindən çox avtobus müvafiq avadanlıqla təchiz edilib.

"Son vaxtlar həyata keçirilən mühüm islahatlardan biri ödənişli parklanma sisteminin tətbiqi olub və bu istiqamətdə 22 mindən çox ödənişli parklanma yeri təşkil edilib", - idarə rəhbəri vurğulayıb.

Orphus sistemi