“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus tankerlərlə bu ilin yanvar-iyun aylarında ümumilikdə 2 milyon 9 min 536 ton yük daşınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.
Bərə və "Ro-Pax" tipli gəmilərlə daşınan vaqonların sayı 19 min 68 ədəd, yük avtomobillərinin sayı 17 min 660 ədəd, minik avtomobillərinin sayı isə 1 079 ədəd olub. Həmçinin bu gəmilərlə 13 min 433 sərnişin daşınıb.
ASCO-nun universal quru yük gəmiləri hesabat dövründə 363 min 818 ton yük nəql edib.
ASCO-nun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanması 50-dən çox gəmidən, o cümlədən 20 tankerdən, 13 gəmi-bərədən, 15 universal quru yük gəmisindən, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmidən, ixtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir.