AMEA Hindistanın elmi qurumları və alimləri ilə qrant layihələrində birgə iştirak edə bilər

AMEA Hindistanın elmi qurumları və alimləri ilə qrant layihələrində birgə iştirak edə bilər ​​​​​​​Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub
İnfrastruktur
142
20 Mart , 2022 12:07
AMEA Hindistanın elmi qurumları və alimləri ilə qrant layihələrində birgə iştirak edə bilər

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub.

"Report" xəbər verir ki, qonaqlar institutun rəhbərliyi ilə görüşərək Azərbaycan və Hindistan arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivlərini müzakirə ediblər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun baş mühəndisi Şakir Mehdiyev, eləcə də, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev iştirak edirdilər.

Akademik R.Əliquliyev qonaqlara AMEA-nın yaranma tarixi, strukturu, vəzifələri və funksiyaları haqqında məlumat verib.

Alim daha sonra rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı diqqətə çatdırıb.

Elmi kadr hazırlığının institut qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayan R.Əliquliyev burada magistratura, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların hazırlandığını, gənc tədqiqatçıların müxtəlif aktual problemlərin həllinə yönəlmiş fundamental elmi tədqiqatlar aparmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Akademik R.Əliquliyev rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edib. Bildirib ki, institutun AzScienceNet elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin şəbəkə infrastrukturunun Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır.

AMEA-nın vitse-prezidenti institutda kibertəhlükəsizlik sahəsində elmi-nəzəri problemlərin həlli istiqamətində fundamental tədqiqatların aparıldığını bildirib. 2021-ci ilin oktyabr ayında NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın keçirildiyini nəzərə çatdırıb.

R.Əliquliyev cari ilin sentyabr ayında Avropa Komissiyasının dəstəyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” V beynəlxalq konfransının keçiriləcəyini də söyləyib. Bildirib ki, konfransda dünyanın 100-dən çox ölkəsini təmsil edən alim və mütəxəssislərin, qabaqcıl elmi mərkəzlərin nümayəndələrinin iştirakı gözlənilir.

Alim qeyd edib ki, AMEA-nın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Hindistanın elmi qurumları və aparıcı alimləri ilə fundamental sahələr üzrə elmi əməkdaşlığı və müvafiq qrant layihələrində birgə iştirak da mümkündür.

Daha sonra çıxış edən səfir Bavitlunq Vanlalvavna göstərilən qonaqpərvərliyə görə institut rəhbərliyinə təşəkkür edib, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

B.Vanlalvavna təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açıb. O, yalnız İKT sahəsində deyil, həm də fizika, biologiya, kimya, səhiyyə, iqtisadiyyat və s. kimi fundamental sahələr üzrə birgə tədqiqatlarda iştirakın, bu istiqamətlərdə bir sıra mühüm layihələrin həyata keçirilməsinin, yüksək səviyyəli beynəlxalq konfransların birgə təşkilinin vacibliyini vurğulayıb.

Səfir Hindistanın elmi müəssisə və təşkilatlarının Azərbaycandakı müvafiq qurumlarla yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması, azərbaycanlı alimlərin Hindistana səfərlərinin, onlar üçün müxtəlif təlim və seminarların təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdən sonra qonaqlar institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub. Texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev qonaqlara rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi