Aktau limanında əsas dibdərinləşdirmə işlərinə başlanılıb

İnfrastruktur
  • 05 oktyabr, 2026
  • 10:54
Aktau limanında əsas dibdərinləşdirmə işlərinə başlanılıb

Aktau dəniz limanında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcminin 30 %-dək artmasına kömək edəcək əsas dibdərinləşdirmə işlərinə başlanılıb.

"Report"un Qazaxıstan bürosunun ölkənin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, layihə həmçinin yüklərin dəniz yolu ilə daşınması dəyərinin təxminən 10–15 % azaldılmasına şərait yaradacaq.

Bildirilib ki, işlər Xəzər dənizinin səviyyəsinin davamlı enməsi və bunun gəmiçilik şəraitinə təsirsiz ötüşməməsi ilə əlaqədar həyata keçirilir. Təxminən 1,3 milyon kubmetr qruntun çıxarılması və liman akvatoriyasının dərinliyinin 6–7 metrə qədər artırılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi limanın buraxılış qabiliyyətini və dəniz gəmiçiliyinin təhlükəsizliyini artırmağa imkan verəcək, həmçinin liman infrastrukturuna investisiyaların cəlb edilməsinə kömək edəcək.

Dibdərinləşdirmə işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.